AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Sloveniya işgüzar görüşü keçirilmişdir

Martın 4-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Sloveniya işgüzar görüşü keçirilmişdir.
Görüşdə Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın rəhbərlik etdiyi və Sloveniyanın müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının da daxil olduğu nümayəndə iştirak etmişdir.
İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulamışdır. Niyazi Səfərov Sloveniya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd etmiş, bu potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Sloveniya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində Azərbaycan və Sloveniyanın ixracın və investisiyaların təşviqi qurumları uğurla əməkdaşlıq edir. Görüşdə Azərbaycan-Sloveniya iqtisadi əməkdaşlığının genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanmışdır.
Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervar Azərbaycana səfərindən və keçirilən görüşlərdən məmnunluğunu bildirmiş, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır.
Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təqdimatında ölkəmizin qazandığı iqtisadi uğurlar, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat vermişdir. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayan AZPROMO rəhbəri sloveniyalı iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Görüşdə Sloveniya şirkətlərinin rəhbərləri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat vermiş, sənaye, turizm və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılmışdır