AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan - Rusiya işgüzar görüşü keçirilib

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun ölkəmizə səfəri çərçivəsində mayın 12-də Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən maşınqayırma, kimya, qida sənayesi, tikinti və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
İşgüzar görüşdə çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan və Rusiya prezidentləri ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir və dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının qarşılıqlı səfərləri bunun bariz göstəricisidir.
Azərbaycan Rusiyanın federal subyektləri, o cümlədən Dağıstan Respublikası ilə uğurla əməkdaşlıq edir, qonşu Dağıstanla Azərbaycanı ümumi tarixi və mədəni köklər birləşdirir. Nazir Şahin Mustafayev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun iştirakı ilə Bakıda keçirilən Dağıstan Mədəniyyət Günlərinin Azərbaycan və Dağıstan arasında mədəni, eləcə də ticarət-iqtisadi əlaqələrin inkişafı baxımından yeni mərhələnin başlanğıcı olacağını vurğulayıb. Bildirilib ki, bu ilin mayın 11-də Mahaçqalada Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsinin açılması xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha bir nümunəsidir.
Azərbaycan və Dağıstan rəsmilərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar və keçirilən tədbirlər iqtisadi əlaqələrin genişləndirilməsinə olan qarşılıqlı marağın göstəricisidir. Dağıstan nümayəndə heyəti ənənəvi olaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunda fəal iştirak edir, Azərbaycan şirkətləri Dağıstanda uğurla fəaliyyət göstərirlər. Dağıstan Respublikası ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişlər imzalanıb. Azərbaycan Dağıstanın ənənəvi ticarət tərəfdaşı, o cümlədən Dağıstandan ixrac olunan ərzaq məhsullarının əsas istehlakçısıdır. 2016-cı ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmində artım müşahidə edilir. Bu günkü işgüzar görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının iştirakı Azərbaycan və Dağıstan arasında əlaqələrin genişləndirilməsinə verilən önəmin daha bir göstəricisidir. Şahin Mustafayev qeyd edib ki, xalqlarımız arasındakı dostluq münasibətləri, böyük iqtisadi potensial və qarşılıqlı maraq faydalı əməkdaşlığın gələcəkdə də uğurla davam etdirilməsi üçün möhkəm zəmin yaradır.
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov çıxışında müasir Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusilə vurğulayıb, Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin Dağıstan Respublikasının inkişafında fəaliyyətini yüksək qiymətləndirərək, ötən gün Mahaçqalada abidəsinin açıldığını qeyd edib. Ramazan Abdulatipov vurğulayıb ki, Azərbaycanın hazırkı inkişafında, xüsusilə iqtisadiyyatın şaxələnməsində və yeni keyfiyyət mərhələsinə qədəm qoymasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti mühüm önəm kəsb edir. Dağıstanın Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən Ramazan Abdulatipov mövcud potensialdan səmərəli istifadənin ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını, tikinti, xidmət, turizm, birgə müəssisələrin yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, Azərbaycan sahibkarlarını Dağıstana investisiya yatırmağa dəvət edib.
Sonra Rusiya Federasiyasının Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiya Agentliyinin rəhbəri Bəşir Maqamedov Dağıstanın investisiya potensialına, Turizm və xalq bədii sənətkarlıq naziri Maqamed İsayev turizm imkanlarına dair təqdimatlarla çıxış ediblər.
İşgüzar görüş çərçivəsində Azərbaycanın "Caspian" İnvestisiya Qrupu ilə Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlığa dair Saziş imzalanıb, Rusiya Federasiyasının Dağıstan Respublikası barədə film nümayiş olunub və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.