Oktyabrın 21-də Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və "Business Cem" Sement İstehsalçıları Birliyinin birgə təşkilatçılığı ilə Avrasiya Sement İstehsalçılarının Forumu keçirilmişdir.
Forumda 14 ölkədən sement istehsalı sahəsində fəaliyyət göstərən 70-dən çox iri şirkətlərin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik və davamlı inkişaf etdiyini vurğumış, qazanılmış uğurlar barədə məlumat vermişdir. Ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyin qorunub saxlanıldığı, yüksək templi iqtisadi artıma nail olunduğu, son 10 ildə ÜDM-nin 3,4 dəfə artdığı diqqətə çatdırılmışdır. Tikinti materialları istehsalının ölkə sənayesinin əsas sahələrindən biri olduğunu qeyd edən Niyazi Səfərov bu dövr ərzində tikinti materialları istehsalının 2.5 dəfə, o cümlədən sement istehsalının 2.3 dəfə artdığını vurğulamışdır. Bildirilmişdir ki, tikinti materiallarının istehsalı üzrə sahibkarlığın inkişafı daim diqqətdə saxlanılmış və bunun nəticəsidir ki, bu sahədə məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 94%-ə yüksəlmişdir. Bu günkü forum sement istehsalçıları arasında əlaqələrin inkişafında, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaqdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat vermiş, AZPROMO-nun nümayəndəsi Ömər Əfəndiyev isə "Azərbaycanda biznes mühiti və tikinti sektoru" mövzusunda geniş təqdimatla çıxış etmişdir.
Forumda Qazaxıstan Tikinti Materialları Sənayesi Assosiasiyası prezidenti Maral Tompiev "Qazaxıstanda inşaat materialları sənayesinin inkişafının perspektivləri", Rusiya Milli İnşaatçılar Birliyinin sədr müavini Anatoli Sedov " Rusiya Federasiyasının inşaat kompleksinin hazırkı vəziyyəti", Rusiya Sement İstehsalçıları İttifaqının komitə rəhbəri Viçeslav Boltenko "Rusiyada sement sənayesinin vəziyyəti və əməkdaşlığın inkişafı perspektivləri", "Norm" MMC-nin baş direktoru HəsənYalçınkaya "Azərbaycanın artan iqtisadi qüdrəti üçün sement", "Akkord Sənaye Tkinti İnvestisiya Korporasiyası" İdarə Heyəti sədrinin müavini Suat Calbiyik "Azərbaycanın qərb bölgəsində böyük sənaye mərkəzi", Holcim Azərbaycan şirkətinin marketinq, satış və loqistika üzrə direktoru Carlos Roig Terres "Holcim və Azərbaycanın tikinti sənayesinin inkişafında onun rolu", mövzusunda Almaniyanın "Loesche", "Mollers" "Hazemag & EPR GmbH", Avstriyanın "Unitherm Cemcon", Rusiyanın "İnkontreyd", "FLSmidth Russia" "Termo Texno" şirkətlərinin nümayəndələri və başqaları təmsil etdikləri şirkətlərin fəaliyyətləri barədə təqdimatlarla çıxış etmişlər. Forumda təmsil olunan şirkətlərin iştirakı ilə "Sementin xüsusi növlərinin istehsalı və tətbiqi" mövzusunda Dəyirmi Masa və müzakirələr keçirilmişdir. İki gün davam edəcək Forum çərçivəsində həmçinin, "Sement sənayesi və bazarı" 24-cü Beynəlxalq Sərgi keçirilir.