AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində bir sıra sənədlər imzalanmışdır

İyunun 24-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işini davam etdirmişdir. Forumun 2-ci günü kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirilmişdir.
Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının nümayəndələri ilə yanaşı, bir sıra turizm şirkətlərinin nümayəndələrinin iştirak etdiyiturizm sahəsində yeni əməkdaşlıq imkanları üzrə Dəyirmi Masadahər iki ölkənin turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Kənd təsərrüfatı üzrə keçirilmiş Dəyirmi Masada hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, ixracın genişləndirilməsinə, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılmış, şirkətlər tərəfindən müxtəlif təqdimatlar keçirilmişdir. Dəyirmi Masada müvafiq dövlət orqanlarının, aqrar sahədə ixtisaslaşmış şirkətlərin, institut və təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan tərəfindən Mərkəzi Bankın və bir sıra kommersiya banklarının, Sahibkarlığa Kömək Milli Fondunun, Rusiya tərəfindən isə müxtəlif bankların nümayəndələrinin qatıldığı bankçılıq üzrə Dəyirmi Masada Azərbaycan və Rusiya bankları arasında əməkdaşlığın inkişaf tarixi, əldə olunan nailiyyətlər, birgə həyata keçirilmiş layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Tədbirdə həmçinin, hər iki ölkənin bankları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və işgüzar əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran suallar cavablandırılmışdır.
Sahibkarlıq sahəsində əməkdaşlığa dair Dəyirmi Masada hər iki ölkənin dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının çıxışları dinlənilmiş, AZPROMO tərəfindən Azərbaycanda biznes və investisiya imkanlarına dair məlumat verilmiş, Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının funksiya və xidmətlər sistemi haqqında videoçarx nümayiş olunmuş, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.
Forumda yekun nitqi ilə çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Rusiya Federasiyasının regional inkişaf naziri İqor Slyunyayev Qəbələdə keçirilmiş V Azərbaycan-Rusiya Regionlararası Forumun işinin uğurlu olduğunu, iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini vurğulamışlar.
Sonra 23-24 iyun tarixlərində keçirilmiş dəyirmi masalar (turizm, humanitar, aqrar, bankçılıq, sahibkarlıq, investisiya, nəqliyyat və energetika sahələri üzrə) çərçivəsində aparılan müzakirələr və əldə olunan nəticələr barədə moderatorların məruzələri dinlənilmişdir. Daha sonra Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər – Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında qarşılıqlı anlaşmaya dair, Rusiyanın İnvestisiya Agentliyi ilə AZPROMO arasında əməkdaşlıq haqqında memorandumlar, eləcə də Həştərxan Turizm Birliyi ilə Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında, Ural Turizm Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq barədə, "Həştərxan regional kanal"ı MMC ilə Azərbaycanın regional televiziyası arasında sazişlər imzalanmışdır.
Forum çərçivəsində Azərbaycanın və Rusiyanın bir sıra şirkətləri arasında da əməkdaşlığa dair sənədlər imzalanmışdır. Belə ki, forum zamanı Rusiya Federasiyasının Rastov vilayətinin İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın "Mətanət A" şirkəti arasında Saziş, Rusiyanın "Aqroholdinq starıysad" ASC ilə Azərbaycanın "CTC Holdinq" şirkəti arasında əməkdaşlıq haqqında Saziş, "Dağıstan Ticarət Evi" ASC ilə Azərbaycanın "Azeksfrukt" şirkəti arasında əməkdaşlıq haqqında Saziş, "Dağıstan Steklotara" MMC ilə "Azərsun Holdinq" arasında qablaşdırma ilə bağlı təchizat sahəsində əməkdaşlıq haqqında Saziş, Dağıstanın "Yuqaqroholdinq" şirkəti ilə Azərbaycanın "İnvestment Group" MMC arasında Müqavilə imzalanmışdır.
V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarının Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinə müraciəti qəbul olunmuşdur. Qeyd edək ki, iyunun 24-də V Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının regional inkişaf naziri İqor Slyunyayev Rusiyada layihələr həyata keçirən Azərbaycan şirkətlərinin rəhbərləri ilə görüşmüşdür. Görüşdə cənab Slyunyayev Azərbaycan şirkətlərinin Rusiyada həyata keçirdikləri layihələrin icrası ilə maraqlanmış, iş adamlarının istəklərini dinləmişdir. Görüşdə həmçinin, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Rusiya nümayəndə heyəti həmçinin, iyunun 24-də Qəbələ Konserv Zavodunda, Qəbələ Atıcılıq Mərkəzində olmuş, Qəbələnənin turizm potensialı ilə tanış olmuşdur.