Fevralın 25-də İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İran işgüzar görüşü keçirilmişdir.
Tədbirdə mədən, qida, kimya, yüngül sənaye, tikinti və mebel istehsalı sahələrində fəaliyyət göstərən 50-dən çox azərbaycanlı və iranlı iş adamı iştirak etmişdir.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və İran arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində aparılmış müzakirələr və imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Sahil Babyev Şərqi Azərbaycan vilayətinin iş adamlarının ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş bugünkü işgüzar görüşün də əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirmişdir. Sahil Babayev iranlı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Tədbirdə İran iş adamlarına Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə geniş məlumat verilmişdir.
İranın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayin ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurla davam etdiyini vurğulamışdır. İki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran səfir Pakayin yüksək səviyyəli qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini xüsusi qeyd etmişdir.
İşgüzar görüş Azərbaycan və İran iş adamlarının əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etmişdir.