AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası keçirilib

Dekabrın 25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
İclasdan əvvəl Rusiya nümayəndə heyəti Bakı Biznes Mərkəzinin foyesində Azərbaycan iqtisadiyyatına dair məlumatların əks olunduğu stendlərlə tanış olublar, qonaqlara ölkə iqtisadiyyatı barədə məlumat verilib.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasında çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və bu sahədə müsbət inkişaf dinamikası müşahidə edilir. 2017-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiya 3-cü yeri tutub. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə isə Rusiya ilk yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir və bu baxımdan iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni mexanizmlərinin tətbiqi əhəmiyyətlidir. Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunu, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin və Azərbaycanda analoji Həştərxan İşgüzar Mərkəzinin yaradılması, bu gün açılmış Rusiya İxrac Mərkəzinin nümayəndəliyi belə mexanizmlərdəndir.
2016-cı ildə yaradılmış Azərbaycan-Rusiya İşgüzar Şurası iş adamları arasında işgüzar əlaqələrin inkişafında və qarşılıqlı səmərəli investisiya layihələrinin reallaşdırılmasında əlverişli platformadır. İşgüzar şuraların indiyədək gördüyü işləri müsbət qiymətləndirən nazir Şahin Mustafayev Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarını AZPROMO və Rusiyanın analoji qurumunun iştirakı ilə konkret əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparmağa dəvə edib. Qeyd edib ki, Azərbaycandakı sənaye parklarında birgə müəssisələrin yaradılması, neft maşınqayırması sahəsində əməkdaşlıq, Rusiya bazarı üçün aqrar məhsulların istehsalı və s. belə əməkdaşlıq sahələrindən ola bilər.

Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya nümayəndə heyətinin ölkəmizə səfər çərçivəsində Azərbaycan Republikasının Prezidenti tərəfindən qəbul edildiyini məmnunluqla vurğulayıb və iqtisadi sahədə əməkdaşlığın inkişafına dair fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığına dair fikirlərini bölüşən Maksim Oreşkin Azərbaycan və Rusiya arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Azərbaycan iş adamlarının Rusiyada bir sıra uğurlu layihələr reallaşdırdığını qeyd edib. Bildirilib ki, bu gün Bakıda açılışı olmuş Rusiya İxrac Mərkəzinin nümayəndəliyi və Rusiya-Azərbaycan işgüzar şuraları iş adamları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
Azərbaycan-Rusiya İşgüzar Şurasının müdir müavini Yusif Abdullayev, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov işgüzar şuraların fəaliyyəri, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov, Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru Viktor İkonnikov və Rusiyanın “İntra Servis” şirkətinin direktoru Aleksandr Şilova iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.
Tədbir çərçivəsində AZPROMO və Rusiya İxrac Mərkəzi, həmçinin Azərbaycan və Rusiya şirkətləri arasında anlaşma memorandumları imzalanıb.
İclasın sonunda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.