AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Şərab istehsalçıları ilə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
İstehsalın və ixracın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan nazir Şahin Mustafayev Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasının sahibkarlığın inkişafı, eləcə də şərab istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Qeyri-neft məhsulları ixracının artırılması istiqamətində özəl bölməyə hərtərəfli dövlət dəstəyi göstərildiyini vurğulayan iqtisadiyyat naziri bu sahədə ixracın təşviqi mexanizminin mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ixrac təşviqinin 45%-ə yaxını üzüm şərabı və digər spirtli içkilərin payına düşür.
Qeyd edilib ki, qeyri-neft ixracının genişləndirilməsi məqsədilə həyata keçirilən ixrac missiyalarında və sərgilərdə Azərbaycan istehsalı olan şərablara böyük maraq göstərilir. İndiyədək Azərbaycan məhsulu olan şərablar 7 ixrac missiyasında və 7 beynəlxalq sərgilərdə vahid ölkə stendində təmsil olunub. Azərbaycanın Belarus, Ukrayna və Latviyada yaradılmış ticarət evlərində yerli şərab məhsullarımız nümayiş olunur. Şərabçılığın inkişafı və təşviqi məqsədi ilə Çinin Şanxay şəhərində, daha sonra isə Pekin və digər şəhərlərdə, eləcə də Rusiyada Şərab Evlərinin açılması planlaşdırılır.
Tədbirdə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri şərab istehsalçılarına dəstək mexanizmlərinin və “Made in Azərbaycan” brendinin təşviqi tədbirlərinin sahibkarlara böyük stimul yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri bir çox biznes-forumlarda və digər tədbirlərdə iştirak edir, məhsullarını təşviq etmək imkanı qazanır və uğurlu nəticələr əldə edirlər.
Görüşdə “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr və onların icrası, şərab məhsullarının istehsalı və ixracının artırılması imkanları müzakirə olunub, sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.