İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubu çərçivəsində sahibkarlarla onlayn formatda görüş keçirilib.
Qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən 50-dən çox şirkət nümayəndəsinin iştirak etdiyi görüşdə qeyri-neft-qaz məhsullarının ixracının artırılması, sahibkarlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, iş adamlarına fərdi yanaşmanın tətbiqi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev tədbir iştirakçılarına tətbiq ediləcək yeni iş prinsipləri barədə məlumat verib, AZPROMO tərəfindən sahibkarlara ixracın təşviqi və həcminin artırılması məqsədi ilə daha geniş xidmətlərin göstəriləcəyini bildirib, Azərbaycan məhsullarının xarici bazarlarda satışının artırılması istiqamətində sıx əməkdaşlığa dəvət edib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib, müzakirələr aparılıb.