AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı inkişaf edir

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın rəhbərliyi ilə Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası təşkil olunub. Səfər çərçivəsində keçirilən işgüzar görüşdə rəsmi şəxslərlə yanaşı, nəqliyyat, maşınqayırma, tikinti, təhlükəsizlik, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərləri  iştirak edib.

Ölkələrimizin strateji tərəfdaşlar olduğunu qeyd edən İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir. Nazir iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurlu inkişafını diqqətə çatdırıb, iqtisadi potensialın reallaşdırılması, qarşılıqlı ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin strukturunun şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi məqsədilə səmərəli mexanizmlər tətbiq olunur. Bu baxımdan, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları əlverişli platformalardır. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarındandır və Azərbaycanın qeyri-neft məhsullarının ixracında birinci yerdədir. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu ilin 6 ayında iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilib.

Görüşdə ikitərəfli səmərəli investisiya əməkdaşlığı vurğulanıb, ölkəmizdə 1000-dən çox Rusiya şirkətinin fəaliyyət göstərdiyi və Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 6,2 milyard dollar, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına isə 1,2 milyard dollar investisiya yatırıldığı bildirilib. Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” zavodu ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdəndir.

İqtisadiyyat naziri  Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, ərazilərimizin işğaldan azad edilməsinin yeni reallıqlar və əməkdaşlıq perspektivləri yaratdığını diqqətə çatdıraraq, Rusiya şirkətlərini fəal tərəfdaşlığa dəvət edib. Qeyd olunub ki, ölkəmizdə sənaye zonalarının təşkili prosesinin davam etdirilməsi və Ələt Azad İqtisadi Zonası ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə əlavə imkanlar yaradır.

İşgüzar görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanın tranzit-logistika potensialının reallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, Rusiya ilə nəqliyyat və İKT sahəsində əlaqələrin genişləndiyini, ölkələrimizin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında səmərəli əməkdaşlığını diqqətə çatdırıb.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolunu vurğulayıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin dərinləşməsində əhəmiyyətini qeyd edən Dmitri Volvaç nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, təhsil və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdıraraq, iş adamlarını böyük potensialdan yararlanmağa, əlaqələri genişləndirməyə çağırıb.

“Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov ölkələrimiz arasında ticarət və investisiya tərəfdaşlığının, xarici ticarətin maliyyələşməsinin önəmini qeyd edib, Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb, bu sahədə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının birgə fəaliyyətini qeyd edib, Rusiya işgüzar dairələri ilə əlaqələrin genişlənməsi istiqamətində  Azərbaycan-Rusiya İşgüzar Şurasının gördüyü işlər barədə məlumat verib.

Tədbirdə Rusiya şirkətlərinin rəhbərləri təmsil etdikləri müəssisələr barədə təqdimatla çıxış edib, Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsində və yeni əlaqələrin qurulmasında, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməkdə maraqlı olduqlarını ifadə ediblər.

İşgüzar görüş çərçivəsində "Gəncə avtomobil zavodu" İstehsalat Birliyi və “KamAZ” ASC arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə əməkdaşlığın yeni istiqamətləri nəzərdə tutulur.

Tədbir Azərbaycan və Rusiya şirkətləri arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə müzakirələrlə davam edib.