AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib

Mayın 16-da Bakıda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın növbəti iclası çərçivəsində Azərbaycan-Avstriya biznes forumu keçirilib.

Azərbaycan İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən biznes forumda Azərbaycan və Avstriya tərəfindən rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən qablaşdırma sənayesi, yol infrastrukturunun təkmilləşdirilməsi və təhlükəsizliyin təmin olunması, hava nəqliyyatının idarə olunması, logistika, konsaltinq xidmətləri, inşaat, boru istehsalı, bərpa olunan enerji və hidroenergetika, informasiya texnologiyaları, maşınqayırma, kimya sənayesi, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 70-dək iş adamı iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev biznes forumun Azərbaycan və Avstriya arasında əməkdaşlığın daha da genişlənməsi üçün faydalı olacağını bildirib. Ölkələrimiz arasında ticarət və investisiya əlaqələrinin inkişafında özəl sektorun mühüm rola malik olduğunu vurğulayan Rəşad Nəbiyev forumdan sonra qarşılıqlı investisiyalar üçün yeni imkanların yaranacağına əminliyini ifadə edib.

Biznes forumda AZPROMO-nun icraçı direktoru vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə danışıb, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib.

AZPROMO rəhbəri bildirib ki, Azərbaycanla Avstriya arasında münasibətlər dinamik şəkildə inkişaf edir. O əlavə edib ki, iki ölkənin dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri Azərbaycan və Avstriya arasında dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynayır. Bu əməkdaşlıq nəticəsində Azərbaycan və Avstriyanın etibarlı tərəfdaşa çevirildiyi vurğulanıb.

Qeyd olunub ki, 2021-ci ildə Azərbaycan və Avstriya arasında ticarətin həcmi 221 mln. ABŞ dolları, o cümlədən ixrac 140 mln. dollar, idxal isə 81 mln. dollar təşkil edib. Nəticədə 65 mln. dollarlıq müsbət saldo yaranıb. Əvvəlki illə müqayisədə Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsi 14,5%, ixrac 9,7%, idxal isə 23,8% artıb.

Cari ilin ilk rübündə də iki ölkə arasındakı ticarətdə müsbət dinamika müşahidə olunub. Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın Avstriya ilə apardığı ticarət dövriyyəsinin həcmi 70,5 mln. dollar, o cümlədən ixrac 56 mln. dollar, idxal isə 10,8 mln. dollar olub. Müsbət ticarət saldosu 45,2 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında ticarətin həcmi 5,8 dəfə, ixrac 43,1 dəfə artıb, idxal isə 25,5% azalıb.

Yusif Abdullayev həmçinin işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verib, hazırda Qarabağda təhlükəsizlik və iqtisadi səmərəlilik baxımından stabil və əlverişli biznes mühiti üçün geniş imkanların olduğunu bildirib, sözügedən regionda aparılan infrastruktur layihələri, bərpa-quruculuq işləri barədə danışıb və Avstriya şirkətlərinin bu ərzilərdə realizə olunan layihələrdə fəal iştirak etməyə çağırıb.

Öz növbəsində, tədbirdə çıxış edən Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Riçard Şents (Richard Schenz) Azərbaycan-Avstriya işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətlərinə toxunub, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.

Biznes forum çərçivəsində Azərbaycanın və Avstriyanın biznes və investisiya mühitləri barədə təqdimatlar keçirilib. Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov isə sözügedən iqtisadi zonanın yaradılmasının əsas məqsədləri və gələcək hədəfləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan və Avstriya şirkətləri arasında səmərəli və məqsədyönlü ikitərəfli görüşlərin təşkili məqsədilə biznes-hökumət (B2G) formatında müzakirələr aparılıb. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib