AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib

Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun, Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes forumun açılış mərasimində çıxış edən Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yüksək xətlə inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib. Sardor Umurzakov qeyd edib ki, Azərbaycan və Özbəkistan əməkdaşlığı genişləndirə, birgə emal müəssisələri yaratmaqla, məhsullarını üçüncü ölkələrə tədarük edə bilər. Biznes forumun əhəmiyyətindən danışan nazir tədbirin yeni təşəbbüslərin və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu diqqətə çatdırıb, müzakirələrin biznes əlaqələrinin genişləndiriıməsi üçün faydalı olacağını vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İqtisadiyyat naziri sənaye, kənd təsərrüfatı, ticarət, investisiya və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, birgə layihələrin icrasına dəvət edib.

Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, "Uzkimyosanoat" ASC-nin İdarə Heyətinin sədri Jurabek Mirzamaxmudov, "Uzeltexsanoat" Assosiasiyasının sədri Mirziyod Yunusov, "Uztekstilprom" Assosiasiyasının sədri İlxom Haydarov və Azərbaycan Zərgərlik Assosiasiyasının sədri Toğrul Abbasquliyev iqtisadiyyatın aidiyyəti sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər.

Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.

Tədbir hər iki ölkənin biznes nümayəndələri arasında ikitərəfli görüşlərlə davam edib.