AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçirilib

Budapeştdə Macarıstan Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 9-cu iclası çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) birgə təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes forumu keçirilib.

Forumda hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, əczaçılıq, qida sənayesi, kənd təsərrüfatı, tikinti, sənaye, konsaltinq xidmətləri və s. sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak edib.

Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto biznes forumda çıxış ediblər.

Azərbaycan və Macarıstanın dövlət başçılarının səyləri, imzaladıqları mühüm sənədlər nəticəsində iki ölkənin əməkdaşlıq gündəliyinin daim genişləndiyi vurğulanıb. İki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin də Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətində əsas hədəflərdən olduğu qeyd edilib. Bakıda və Budapeştdə təşkil olunan biznes forumların da bu məqsədə xidmət etdiyi bildirilib.

Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işlərinə macar iş adamlarının da qoşulmaq üçün maraq göstərmələrinin məmnunluq doğurduğu, ümumilikdə həmin quruculuq işlərində dost ölkələrin iştirakının prioritet əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Forumda çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ixracın təşviqi, qeyri-neft sektoruna investisiya yatırımının artırılması çərçivəsində görülən işlər və AZPROMO-nun Macarıstanın müxtəlif qurumları ilə əməkdaşlığı haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb. İşğaldan azad edilmiş torpaqlarımızın Azərbaycanın qeyri-neft sektorunun potensialını əhəmiyyətli dərəcədə artırdığı və 50-dən çox Macarıstan şirkətinin Qarabağ layihələrində iştirak etmək üçün müraciət etdiyi vurğulanıb.

Biznes forumda sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunub, tərəfdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi, həmçinin yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.