AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib

Azərbaycan-İsrail biznes forumunda İsraillə müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar diqqətə çatdırılıb, israilli sahibkarların ölkəmizdə biznes təşəbbüslərinin yüksək qiymətləndirildiyi və dəstəkləndiyi bildirilib. 

 

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən Azərbaycan-İsrail biznes forumunda enerji, maliyyə, logistika, su təsərrüfatı, kimya sənayesi, kənd təsərrüfatı və digər sahələri təmsil edən şirkətlər iştirak edib.

 

Azərbaycan və İsrail arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov biznes forumun, həmçinin iş adamları arasında keçirilən müxtəlif görüş və tədbirlərin aktual məsələlərin müzakirə edilməsi, prioritet əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və işgüzar dairələr arasında yeni əlaqələrin qurulması baxımından önəmini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz arasında möhkəm ikitərəfli dostluq münasibətləri, yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığın dinamik inkişafına əlverişli şərait yaradır.

 

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının inkişafı baxımından əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələr üzrə çoxsaylı İsrail şirkətləri fəaliyyət göstərir, bir sıra önəmli layihələr həyata keçirilir. İsraillə enerji, ticarət, sənaye, kənd təsərrüfatı, innovasiyalar, infrastruktur, əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb, israilli sahibkarların ölkəmizdə biznes təşəbbüslərinin yüksək qiymətləndirildiyi və dəstəkləndiyi bildirilib.

 

Birgə Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Eli Kohen ölkələrimizin müxtəlif sahələrdə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanda həyata keçirilən layihələr, ölkəmizin unikal coğrafi mövqeyi və iqtisadi sabitliyin İsrail şirkətləri üçün əhəmiyyətli əməkdaşlıq və investisiya mühiti yaratdığını vurğulayıb. Qeyd olunub ki, İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyəyə çatmasına əlavə imkanlar yaradır.

 

Tədbirdə Azərbaycan və İsrailin investisiya layihələri barədə təqdimatlar nümayiş etdirilib, B2B və B2G formatda görüşlər keçirilib.