AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Tacikistan səfiri AZPROMO-da olub

Tacikistanla iqtisadi-ticarət əlaqələrinin inkişafı imkanları müzakirə olunub, birgə tədbirlərin keçirilməsinə dair təkliflər irəli sürülüb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Tacikistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti haqqında məlumat verib, AZPROMO-nun dəstəyi ilə Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi 29-30 sentyabr tarixində Düşənbə şəhərində keçiriləcək Beynəlxalq İnvestisiya Forumunun ölkələr arasında, o cümlədən regional əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini bildirib.

Səfir İlxom Abduraxmon dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinə söykənən ölkələr arasında sıx siyasi əlaqələri vurğulayaraq, prezidentlərin qarşılıqlı yüksək səviyyəli səfərləri və birgə səylərinin ölkələrimizin iqtisadi-ticarət əlaqələrinə də müsbət təsir göstərdiyini bildirib. Səfir kənd təsərrüfatı, nəqliyyat və telekommunikasiya sahələrinin birgə əməkdaşlıq üçün vəd etdiyi geniş perspektivləri vurğulayaraq, bu sektorların potensialının səmərəli reallaşdırılmasına dair fikirlərini bölüşüb.

Görüş zamanı keçirilən tədbirlərin işgüzar dairələr və müvafiq dövlət qurumları arasında birgə təşəbbüslərin həyata keçirilməsinə yol açan tərəfdaşlıq sənədlərinin imzalanması üçün əhəmiyyətli platforma kimi xidmət etməsi qeyd olunaraq, bununla əlaqədar növbəti il Bakıda birgə biznes forumun təşkil olunması imkanlarına dair fikir mübadiləsi aparılıb.