AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rabatda Mərakeş-Azərbaycan biznes forumu keçirilib

Biznes forumda iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub, investisiya tərəfdaşlığının qurulması üçün birgə təşəbbüslərin vacibliyi vurğulanıb. Tədbirdə iki ölkənin dövlət qurumları arasında sənədlər imzalanıb.

Mərakeş Krallığının Rabat şəhərində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə birgə Komissiyanın 2-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Mərakeş İnvestisiya və İxracın İnkişafı Agentliyinin (AMDIE) birgə təşkilatçılığı ilə Mərakeş-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm, xidmət, təhsil, İKT, maliyyə və tekstil sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Forumun açılışında Mərakeş Krallığının hökumət başçısının yanında investisiya, konvergensiya və dövlət siyasətinin qiymətləndirilməsi naziri Mohsin Jezuli və xarici işlər naziri, Hökumətlərarası Komissiyanın həmsədri Ceyhun Bayramov çıxış ediblər.

Tədbirdə Mərakeş Müəssisələrinin Ümumi Konfederasiyasının (CGEM) vitse-prezidenti Mehdi Tazi, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, AMDIE-nin baş direktoru Əli Seddiki, Mərakeşin Kiçik və Orta Biznesin Təşviqi Milli Agentliyinin (“Maroc PME”) baş direktoru Brahim Arjdal, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov ölkələrin investisiya və ticarət imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Forum çərçivəsində tərəflər arasında bir sıra sənədlər imzalanıb. AZPROMO ilə AMDIE, eləcə də KOBİA ilə AMDIE və “Maroc PME” arasında anlaşma memorandumları imzalanıb.

Tədbir B2B və B2G görüşlərlə davam etdirilib.