Görüşdə ilkin mərhələdə olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Mərakeş İnvestisiya və İxracın İnkişafı Agentliyinin (AMDIE) birgə təşkilatçılığı ilə Mərakeş Krallığının Rabat şəhərində keçirilən Mərakeş-Azərbaycan biznes forumu çərçivəsində AZPROMO-nun rəhbəri Yusif Abdullayev Mərakeş Müəssisələrinin Ümumi Konfederasiyasının (CGEM) vitse-prezidenti Mehdi Tazi ilə görüşüb.
Görüşdə Yusif Abdullayev Agentliyin nümayəndələrinin cari ilin fevral ayında Mərakeşə təşkil olunan səfərini və keçirilən biznes forumu qeyd edərək, ilkin mərhələdə olan əlaqələrin artan xətlə inkişaf etməsi üçün perspektivlərin geniş olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanın qeyri-neft ixracının təşviqi istiqamətində AZPROMO tərəfindən intensiv və kompleks tədbirlər görülür.
Mehdi Tazi 100 min şirkətdən çox üzvü və 37 federasiyadan ibarət olan CGEM-in strukturu haqqında ətraflı məlumat verib. Bildirilib ki, qurumun dəstəyi ilə inkişaf etdirilən avtomobil sənayesi və tekstil sektorlarına maraq böyükdür və bu sektorlar potensial investisiyaların yatırılması üçün əsas sahələrdən sayılırlar. Bununla yanaşı, Mərakeşin azad iqtisadi zonaları haqqında da məlumat diqqətə çatdırılıb.
Görüşdə hər iki ölkənin ticarət dövriyyəsinin dinamikası və xarici ticarətdə müşahidə olunan tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.