Başqırdıstan ilə əlaqələrin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, şirkətlər arasında sənədlər imzalanıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan – Başqırdıstan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, əczaçılıq, logistika, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.
Forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib, Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin aktiv şəkildə inkişaf etdiyini bildirib. Orxan Məmmədov KOB sahəsində Azərbaycanın təcrübəsini iştirakçıların diqqətinə çatdırıb, bu sahədə Başqırdıstanın müvafiq qurumları ilə tərəfdaşlığın potensialı barədə fikirlərini bölüşüb.
Başqırdıstan Respublikasının Baş nazirinin müavini, Başqırdıstanın kənd təsərrüfatı naziri İlşat Fazraxmanov respublikanın aqrar sektorunun imkanları, investisiya potensialı, o cümlədən azad iqtisadi zonaları haqqında danışıb. Azərbaycanla qarşılıqlı faydalı ticarət və investisiya tərəfdaşlığının potensialı yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin genişləndirilməsinə dair mövcud perspektivlər vurğulanlıb.
Forumda çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı ölkəmizin Rusiya Federasiyasının Başqırdıstan Respublikası ilə neft sahəsində zəngin əməkdaşlıq tarixinə söykənərək, qeyri-neft sektorunda iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib. Qeyd edilib ki, AZPROMO fəaliyyətində Rusiyanın subyektlərinə xüsusi diqqət ayırır, ölkənin müxtəlif regionları ilə birgə işgüzar tədbirlər keçirilir, eləcə də Agentlik tərəfindən Başqırdıstan ilə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə prioritet sahələrin müəyyənləşdirilməsi və konkret məhsullar üzrə özəl sektor arasında əlaqələrin qurulması ilə bağlı addımların atılması nəzərdə tutulur.
Tədbirdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov iqtisadi əlaqələrin dərinləşdirilməsi haqqında çıxış edib.
Forum çərçivəsində qurumlar arasında sənədlərin imzalanması mərasimi baş tutub. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası və “Başqırdıstan sərgi şirkəti” MMC, eləcə də “MT Group” MMC və Başqırdıstanın “BaşİnKom” tətbiqi elmi tədqiqat müəssisəsi arasında Əməkdaşlıq haqqında razılaşmalar imzalanıb. Tədbir B2B formatda görüşlərlə davam edib.