Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi, biznes tərəfdaşlığının intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının Azərbaycan tərəfindən həmsədri İbrahim Alısoy və Qazaxıstan tərəfindən yeni təyin olunan həmsədri Dauren Bimov, o cümlədən hər iki ölkədən mebel istehsalı, səhiyyə, hüquq və nəqliyyat-logistika sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkələrimiz arasında ticarət dövriyyəsinin artımının yüksək perspektivlərindən bəhs edərək bu istiqamətdə görülən işlərə Agentliyin hərtərəfli dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. Səfir Alim Bayel Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb, ölkələrimizin regional nəqliyyat və enerji təşəbbüsləri çərçivəsində səmərəli əməkdaşlığı barədə danışıb.
Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının həmsədrləri mövcud ticarət əlaqələrinin genişləndirilməsi baxımından kiçik və orta biznesin rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, sözügedən platformanın aktiv fəaliyyəti sayəsində hər iki ölkənin KOB-ları arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının reallaşdırılması üçün əlverişli zəmin yaranıb.
Görüşdə həmçinin şirkət nümayəndələri birgə fəaliyyətin aktivləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.