AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Qazaxıstan biznes forumu keçirilmişdir

 Aprelin 17-də Qazaxıstan Respublikasının Manqistau vilayəti Aktau şəhərinin akimi Edil Janbırşin Tekerbayulın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilmişdir.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, tikinti, su təchizatı, bərk məişət tullantılarının emalı, qida sənayesi, alternativ enerji və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.

Qonaqları salamlayan İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu diqqətə çatdırmışdır. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan nazir müavini Niyazi Səfərov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirmişdir. Qeyd edilmişdir ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, indiyədək Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9 iclası keçirilmişdir. Hazırda Azərbaycanda 30-dan çox Qazaxıstan kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstanda uğurla fəaliyyət göstərirlər.

Qazaxıstan Respublikasının Manqistau vilayəti Aktau şəhərinin akimi Edil Janbırşin Tekerbayulı ölkəsində, o cümlədən Manqistau vilayətində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də aqrar sektorda Azərbaycan  təcrübəsinə Qazaxıstanda marağın böyük olduğunu vurğulamışdır. Edil Janbırşin Tekerbayulı Qazaxıstanla Azərbaycan arasında keçən il ticarət dövriyyəsinin artaraq 450 milyon dollardan çox olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Qazaxıstan regionları ilə Azərbaycan regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Edil Janbırşin Tekerbayulı Azərbaycan sahibkarlarını Aktau şəhərində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa dəvət etmişdir.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış etmişdir.

Biznes forumda həmçinin, "Aktau şəhərinin investisiya prioritetləri və iqtisadi potensialı", "Aktau Dəniz Limanı" xüsusi iqtisadi zonası", "Aktau şəhərinin kanalizasiya sisteminin problemləri və həlli yolları", "Dəniz suyunun duzsuzlaşdırılması - Aktau şəhərinin əsas su təchizatı" və "Aktau şəhərinin eksperimental botanika bağı" mövzusunda təqdimatlar keçirilmişdir.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.