AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Macarıstan biznes forumu keçirilib

İyunun 27-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir.
Tədbirdə rəsmi şəxslərlə yanaşı İKT sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanla Macarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu münasibətlərin hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini bildirmişdir. Azərbaycanla Macarıstan arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu diqqətə çatdırılmışdır.
İş adamlarının iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan Rüfət Məmmədov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından biznes forumun ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasında, mövcud əlaqələrin genişlənməsində faydalı olacağını qeyd etmişdir. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Azərbaycanda İKT siyasıəti" mövzusunda təqdimatla çıxış etmişdir. Nazir müavini Azərbaycanın ilk telekommunikasiya peykinin bu il orbitə çıxarıldığını, həmçinin İKT sahəsinin inkişafı istiqamətində görülən işlər və informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə İKT sahəsində uğurla həyata keçirilən tədbirlər dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağını artırmışdır.Macarıstan Respublikasının Telekommunikasiya məsələləri üzrə Dövlət katibi Vilmoş Valyi Naqi çıxışında hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Macarıstan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırmış, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini vurğulamışdır. Dövlət katibi Vilmoş Valyi Naqi iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən İKT sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirmişdir.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.