AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Niderland biznes forumu keçirilmişdir

Noyabrın 21-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland biznes forumu keçirilmişdir.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, gəmiqayırma, konsaltinq, logistika  və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın şirkətin nümayəndəsi iştirak etmişdir.
Biznes forumda çıxış edən Aparat rəhbəri Samir Vəliyev Azərbaycanla Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkənin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırmış, Azərbaycanla Niderland arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün ölkələrimizin böyük potensiala malik olduğunu bildirmişdir. İndiyədək Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair bir sıra sənədlər imzalanmışdır. Ölkələrimiz arasında ticarət və iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla inkişaf edir. Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Niderland sərmayəli şirkətlər uğurla fəaliyyət göstərirlər.
Samir Vəliyev niderlandlı qonaqlara Azərbaycan iqtisadiyyatı barədə də geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Bundan başqa, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan geniş tranzit imkanlarına malikdir. Aparatın rəhbəri Niderland şirkətlərinin bu imkanlardan yararlana biləcəklərini qeyd etmiş, biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır.
Niderland Krallığının Rotterdam şəhərinin meri Əhməd Əbutalib Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, rəhbərlik etdiyi şəhərin əsas iqtisadi sahələri barədə məlumat vermiş, Azərbaycanlı sahibkarları Rotterdam şəhərinin iş adamları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Niderlandın İxracın Təşviqi Şurasının Mərkəzi və Şərqi Avropa üzrə regional meneceri xanım Villemiek Evertsin müvafiq olaraq Azərbaycan və Niderlandın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış etmişlər.
Biznes forum çərçivəsində Niderland şirkətlərinin təqdimatları dinlənilmiş, Rotterdam şəhərinə dair video çarx nümayiş olunmuş, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.