AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Avstriya iş adamları arasında əlaqələr genişlənir

Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti ölkədə sahibkarlığın inkişafına və iqtisadiyyatda rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmuş, ölkə iqtisadiyyatına marağı daha da artırmışdır. Avstriya iş adamlarının Azərbaycana səfəri də ölkəmizdəki makroiqtisadi sabitliyə, davamlı və dayanıqlı iqtisadi inkişafa marağın ifadəsidir.

Dekabrın 5-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, maşınqayırma, tikinti, qida sənayesi, xidmət, konsaltinq, qablaşdırma, logistika və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak etmişdir.  

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov qonaqları salamlayaraq Azərbaycan-Avstriya iqtisadi-ticarət əlaqələri barədə məlumat vermiş, bu cür tədbirlərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsində, iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulamışdır. Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış iqtisadi uğurlar, yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə məlumat verən R.Məmmədov iqtisadiyyata xarici investisiyaların cəlb olunması sahəsində ölkəmizin “açıq qapı” siyasəti həyata keçirdiyini diqqətə çatdırmış, avstriyalı iş adamlarını yerli sahibkarlarla fəal əməkdaşlığa dəvət etmişdir.

Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Silvia Meyer Kaybiç çıxışında ölkələrimiz arasındakı əlaqələr barədə danışmışdır.

Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents Avstriya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulamış, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə məlumat vermişdir.

AZPROMO-nun rəhbərinin müşaviri Natiq Mədətov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına,“Advantage Austria” təşkilatının baş direktorunun müavini Karl Hartleb isə Avstriyanın biznes imkanlarına dair təqdimatlarla çıxış etmişlər.

Biznes forum çərçivəsində Azərbaycan və Avstriyanın ölkə təqdimatlarına dair video çarxlar nümayiş olunmuş, iş adamları arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlər keçirilmişdir.