Fevralın 19-da Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən rəsmi şəxslərlə yanaşı, 100-dən artıq iş adamı iştirak etmişdir.
Biznes forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə kənd təsərrüfatı və qida sənayesi, tikinti, tekstil, inşaat materialları, əczaçılıq, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 26 şirkət iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı biznes forumun Şuraya üzv ölkələrin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulamış, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, görülən işlər, türkdilli ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair müxtəlif məruzələrlə çıxış etmişlər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Zaur İbrahimov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış etmişdir. Zaur İbrahimov ölkəmizin qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, Azərbaycanda yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, AZPROMO-nun fəaliyyəti barədə geniş məlumat vermişdir.
Forum ikitərəfli görüşlərə davam etmişdir.