AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Düşənbədə Azərbaycan və Tacikistan arasında Hökumətlərarası Komissiyanın iclası və biznes forum keçirilmişdir

Oktyabrın 15-də İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Düşənbədə keçirilən İqtisadiyyat və İnvestisiya Forumunda da iştirak etmişdir. Tacikistana investisiya qoyuluşu imkanlarını təqdim etmək məqsədilə təşkil olunmuş forumda Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxış etmiş, forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşu imkanlarına dair plenar iclaslar keçirilmişdir. Forum tədbirdə iştirak edən Azərbaycan sahibkarlarına Tacikistanın biznes və investisiya mühitinə dair ətraflı məlumat əldə etmək, yeni biznes tərəfdaşları tapmaq və işgüzar əlaqələrini daha da genişləndirmək imkanı yaratmışdır.
İqtisadiyyat və İnvestisiya Forumu çərçivəsində Tacikistan-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təqdimatında Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya, eləcə də ixrac imkanları barədə məlumat vermiş, biznes forumda iştirak edən iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət nazirinin müavini Saidrahmon Nazriyev isə çıxışında ölkəsinin investisiya imkanları və Tacikistanda həyata keçirilən layihələr barədə danışmış, forumun iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirmişdir.
Biznes forumda Azərbaycan sahibkarları təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış etmiş, Tacikistan bazarına məhsul ixracı ilə bağlı maraqlarını diqqətə çatdırmışlar.
Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilmişdir.