AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Belçika biznes forum keçirilmişdir

Aprelin 29-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - Belçika biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, konsaltinq, qida, sənaye, energetika və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak etmişdir.
Qonaqları salamlayan AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat vermiş, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunduğunu, makroiqtisadi sabitliyin təmin edildiyini,  əlverişli biznes və investisiya mühitinin yaradıldlğını diqqətə çatdırmışdır.
Vidadi Quliyev Azərbaycan-Belçika iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, indiyədək iki ölkə arasında 7 sənədin imzalandığını, hazırda Azərbaycanda ticarət, tikinti, xidmət, nəqliyyat, rabitə, sənaye və s. sahələrdə 19 Belçika kapitallı şirkətin fəaliyyət göstərdiyini bildirmiş, Belçika iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarından yararlanmağa, azərbaycanlı iş adamları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Belçikanın Valloniya vilayətinin Xarici Ticarət və İnvestisiya Agentliyinin (AWEX)  Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə direktoru xanım Dominik Turner Valloniya iqtisadiyyatı barədə məlumat vermiş, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətli olduğunu, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirmişdir.
Tədbirdə AZPROMO-da rəhbərinin müşaviri Natiq Mədətov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Awex agentliyinin Türkiyədəki ticarət və investisiya sahələri üzrə müşaviri Eric Bletard ölkəsinin iqtisadiyyatına, iş adamları arasında əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış etmişlər.
Sonra AZPROMO və AWEX agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdır.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilmişdir.