Sentyabrın 6-da Xaçmaz Regional İnkişaf Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Yaponiyanın Xarici Ticarətin İnkişafi Təşkilatının (JETRO) Moskva nümayəndəliyi tərəfindən "FOODEX Japan" sərgisi ilə bağlı təqdimat keçirilmişdir. Tədbirdə 40-a yaxın yerli şirkətin nümayəndəsi iştirak etmişdir.
Tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycanın son illər ərzində əldə etdiyi iqtisadi uğurlar, qeyri-neft sektorunda müşahidə edilən yüksək artım templəri barədə məlumat vermiş, yerli məhsulların tanıdılması baxımından ölkəmizdə və xaricdə təşkil edilən sərgi və konfransların əhəmiyyətini vurğulamışdır. Vidadi Quliyev sahibkarların xarici əlaqələrinin genişləndirilməsi istiqamətində AZPROMO tərəfindən görülən işlər, eləcə də bu sahədə Yaponiyanın "JETRO" təşkilatı ilə əməkdaşıq barədə də danışmış, yerli şirkətlərin beynəlxalq sərgilərdə iştirakına bundan sonra da dəstək veriləcəyini bildirmişdir.
"JETRO"nun Moskva nümayəndəliyinin Layihələrin inkişafı üzrə direktoru Norimasa Şimada tədbir iştirakçılarına 2014-cü ilin mart ayında Yaponiyada keçiriləcək "FOODEX Japan" sərgisi haqqında ətraflı məlumat vermiş, sərgidə iştirak etmək istəyən şirkətlərə qoyulan tələbləri, qeydiyyat qaydalarını və iştirakçılar üçün zəruri prosedurları diqqətə çatdırmışdır.
"JETRO"nun nümayəndəsi Pavel Petuxov isə "FOODEX Japan" sərgisi haqqında təqdimatla çıxış etmiş və sahibkarları maraqlandıran sualları cavablandırmışdır.