AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsullarının ixracı genişlənir

Noyabrın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan məhsullarının tanıdılıması və “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə dair mətbuat konfransı keçirilib.
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, 4-8 noyabr tarixlərində İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində səfərdə olub. Səfər barədə ətraflı məlumat verən nazir müavini bildirib ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Şanxay şəhərində Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilionlarında təqdim olunub. Sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunub.
Diqqətə çatdırılıb ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti “Kəmər və yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi”, “Ticarət və investisiya” və “Qlobal ticarət və beynəlxalq logistika” forumlarında iştirak edib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu, Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo və “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin vitse-prezidenti Cenq Çenqçün ilə görüşüb. Bu görüşlərdə Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmi vurğulanıb, Azərbaycan-Çin iqtisadi əlaqələri və əməkdaşlıq perspektivləri barədə məlumat verilib.
Səfər zamanı həmçinin, Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşərək Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb, sənaye, əczaçılıq, energetika, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib.
İqtisadiyyat naziri Şahin Mustafayev Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzi Administrasiyasının rəis müavini Li Cinsonq ilə də görüşüb. Görüşdə Vayqaoçao Azad Ticarət Zonası, burada yaradılmış “vahid pəncərə” sistemi, tətbiq olunan qanunvericilik, gömrük, maliyyə və logistika xidmətləri, zonanın rezidentləri barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, bu sahədə Çin təcrübəsi barədə fikir mübadiləsi aparılıb.
Nazir Şahin Mustafayevin Çinin “Greenland” şirkətinin prezidenti Can Yulianq ilə görüşündə isə “Greenland”lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparılıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində AZPROMO və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb. Görüşdə həmçinin, “Azersun Holdinq” şirkəti və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 mln. ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti və “Greenland Zhongxuan” arasında 1 mln. ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.
Qeyd olunub ki, 7 noyabr tarixində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (İTOC) “Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci Şərab Evidir. “Azərbaycan Şərab Evi”ndə məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Burada yerli şirkətlərimizin istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunur. Çinin digər bölgələrində də Azərbaycan Şərab və Ticarət evlərinin yaradılması nəzərdə tutulur.
“Made in Azerbaijan” brendinin təşviqi Azərbaycan məhsullarının, xüsusi ilə də Çin bazarına ixracının artırılması məqsədilə görülən tədbirlərin davamı olaraq Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzinin “Direct İmported Goods” (“DİG”) marketlər şəbəkəsində Azərbaycan şərablarının və digər spirtli içkilərin satışına başlanıb.
Səfər çərçivəsində Azərbaycan məhsullarının Çin bazarında satışının artırılması məqsədi ilə “Greenland” şirkətinin “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan pavilyonu açılıb. Burada Azərbaycan istehsalı olan müxtəlif məhsulların – şərab və spirtli içkilərin, qida məhsullarının və s. “Made in Azerbaijan” brendi ilə satışı həyata keçiriləcək.
Mətbuat konfransında həmçinin, məlumat verilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 12-18 oktyabr tarixlərində Monqolustanın Ulan-bator şəhərinə təşkil olunmuş ixrac missiyası təşkil olunub. Şərab və digər spirtli içkilər, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, müalicəvi bitki çayları, qənnadı məmulatları, mineral sular, İKT və digər sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkətinin iştirak etdiyi ixrac missiyası monqolustanlı həmkarları ilə ikitərəfli görüşlər keçirib, ixrac məsələlərinə dair müzakirələr aparılıb.
23-27 oktyabr tarixlərində Azərbaycanın ixrac missiyası İstanbul şəhərində olub. Naxçıvan Muxtar Respublikasında qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkətin təmsil olunduğu missiya çərçivəsində məhsulların Türkiyəyə ixracına dair razılaşmalar əldə olunub.
6-9 noyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində səfərdə olmuş Azərbaycanın ixrac missiyasına daxil olan yerli şirkətlərimiz bolqarıstanlı həmkarları ilə görüşlər keçirib, Sofiyada “Interfood & Drink” sərgisini ziyarət edib, ölkənin aparıcı topdansatış və mağaza şəbəkələrində olublar. Missiyaya daxil olan Azərbaycan şirkətlərinin istehsal etdiyi nar, nar şirəsi, fındıq və digər məhsulların Bolqarıstana ixracına dair razılığa gəlinib.
Sonra iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan məhsullarının tanıdılması, qeyri-neft ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görüləcək tədbirlərdən danışıb, KİV nümayəndələrinin sualları cavablandırılıb.