Sentyabrın 11-də Bakıda I Avropa - Azərbaycan İnvestisiya Konfransı keçirilmişdir. Qeyd edək ki, 12 ölkədən 190-dan çox iş adamının iştirak etdiyi konfrans Azərbaycanda təşkil olunan ilk bu formatlı tədbirdir.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Avropa Palataları Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Ticarət və Sənaye Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilmiş tədbirdə Avropa və Azərbaycan şirkətləri yeni layihələrə, əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparılmışdır.
Konfransda çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Aİ ölkələri Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə öncül yer tutur və ölkəmizin əsas xarici ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayır. Azərbaycanın iqtisadi inkişafı bir sıra ölkələrə, o cümlədən Aİ ölkələrinə investisiya qoyuluşu üçün imkanlar yaratmışdır. Artıq Azərbaycanın bir sıra şirkətləri Avropa ölkələrinə investisiya yatırmış, eləcə də müxtəlif layihələrin icrasında uğurla iştirak edirlər.
Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verən Sevinc Həsənova dövlət başçısı tərəfindən böyük uğurla həyata keçirilən inkişaf strategiyası nəticəsində ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin edildiyini, Azərbaycanın iqtisadi qüdrətinin artdığını və ölkəmizin beynəlxalq iqtisadi sistemə uğurla inteqrasiya etdiyini qeyd etmişdir. Belə ki, son 10 ildə ÜDM 3,4 dəfə artmış, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına yaxınlaşmış, ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Əldə edilən nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Nazir müavini Aİ ölkələri ilə əməkdaşlığın daha da genişlənməsində iş adamları arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayaraq, İnvestisiya Konfransının bu sahədəki əhəmiyyətini diqqətə çatdırmışdır.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinin icraçısı Toralf Pilz, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tepmel və Avropa Palataları Assosiasiyasının "East Invest" layihəsi üzrə meneceri Birgit Arens isə çıxışlarında Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq, əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışmışlar.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatlarla çıxış etmişlər.
I Avropa-Azərbaycan İnvestisiya Konfransı çərçivəsində Azərbaycana investisiya qoyuluşu - Azərbaycan və Avropa şirkətləri arasında əməkdaşlıq imkanları və perspektivləri, kiçik və orta müəssisələr üçün imkanlar, kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu - Avropa bazarlarına ixrac imkanları, ekoloji cəhətdən səmərəli tikinti sahəsinə investisiya qoyuluşu, informasiya-kommunikasiya texnologiyaları sahəsinə investisiya qoyuluşu mövzuları üzrə panel iclasları keçirilmişdir. Panel iclaslarında qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilmişdir.