Mayın 29-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan Kanadanın Alberta vilayətinin Kənd Təsərrüfatı və Regionların İnkişafı Nazirliyinin Ticarətin İnkişafı və Beynəlxalq Əlaqələr Departamentinin nümayəndəsi Grand Vintonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat vermişdir.
Cənab Vinton ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-Kanada iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır.
Görüş çərçivəsində Kanadanın kənd təsərrüfatı sahəsində, o cümlədən heyvandarlıq, kənd təsərrüfatı avadanlıqlarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən şirkətlərinin təqdimatları dinlənilmişdir.
Görüş zamanı Azərbaycanın investisiya imkanları barədə müzakirələr aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmış və AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilmişdir.
Tədbirin sonunda iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.