Yerli və xarici iş adamları arasında biznes əlaqələrinin qurulmasında, ixrac və investisiya imkanlarının artırılmasında, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsində biznes forum və işgüzar görüşlər əhəmiyyətli rol oynayır.
Dekabrın 4-də Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya Federasiyası Tatarıstan Respublikası işgüzar görüşü keçirilmişdir. Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, Sənaye və Ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilmiş işgüzar görüş İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil olunmuşdur. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Tatarıstan tərəfindən sənaye, energetika, kimya, gəmiqayırma, kənd təsərrüfatı, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişdir.
Biznes forumda çıxış edən nazir müavini Niyazi Səfərov Azərbaycan-Rusiya əlaqələrinin, eləcə də Rusiya Federasiyasının subyektləri ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm müqavilə-hüquqi bazanın yaradıldığını, təkcə iqtisadi sahədə 30-dan çox sənədin imzalandığını, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu qeyd etmişdir. Son 3 ildə Rusiyanın subyektləri ilə 13 biznes forum, işgüzar görüş və sərgi keçirilmişdir. Bildirilmişdir ki, bu gün keçirilən işgüzar görüş də Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Sənaye və Ticarət nazirinin müavini İldar Minqalev təqdimatında Rusiya Federasiyasının digər subyektləri kimi, Tatarıstan Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Tatarıstana investisiya qoyuluşu imkanları barədə məlumat vermişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov təqdimatında ölkə iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair məlumat vermişdir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat vermiş, işgüzar görüşlərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olduğunu bildirmişdir.
Tədbir çərçivəsində Tatarıstan Respublikasına dair videoçarx nümayiş olunmuş, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.