AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan və Monteneqro arasındakı iqtisadi əlaqələr müzakirə edilmişdir

Aprelin 4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Monteneqronun turizm və davamlı inkişaf naziri Branimir Qvozdenoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Azərbaycan və Monteneqro arasındakı əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Nazir Şahin Mustafayev Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar və s. sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin əməkdaşlığın daha da genişlənməsində böyük rol oynadığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ölkələrimizin böyük potensialı iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Nazir Şahin Mustafayev əlaqələrin daha inkişaf etdirilməsi baxımından müntəzəm görüşlərin keçirilməsinin, iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinin və bu məqsədlə biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini vurğulamışdır. Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr, iqtisadiyyatın prioritet istiqamətləri barədə qonaqlara məlumat verən iqtisadiyyat və sənaye naziri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarının da sürətlə inkişaf etdiyini vurğulamışdır.
Bakıda keçirilən Beynəlxalq Turizm və Səyahətlər sərgisində iştirak etmək üçün Azərbaycana gəldiyini qeyd edən Monteneqronun turizm və davamlı inkişaf naziri Branimir Qvozdenoviç ölkəmizə ilk səfərindən, Azərbaycandakı sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə etmişdir. Cənab Branimir Qvozdenoviç Azərbaycandakı inkişafın ölkəsində maraqla qarşılandığını və Monteneqronun əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd etmişdir.
Sonra qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən stendlərlə tanış olmuşlar.
Həmin gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Monteneqro işgüzar görüşü keçirilmişdir. Tədbirdə kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov işgüzar dairələrin iştirakı ilə keçirilən bu cür tədbirlərin iş adamları arasında əlaqələrin daha da genişlənməsində əhəmiyyətini vurğulamış, sahibkarlara göstərilən dəstək mexanizmləri, eləcə də AZPROMO-nun fəaliyyəti barədə məlumat vermişdir.
Monteneqronun turizm və davamlı inkişaf naziri Branimir Qvozdenoviç Monteneqro və Azərbaycan iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd etmiş, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirmişdir.
Tədbirdə Monteneqronun turizm sahəsində investisiya və biznes imkanlarına dair təqdimat keçirilmiş, turizm sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.