İyunun 2-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Yaponiya - Azərbaycan İqtisadi Komitəsinin əlaqələndirilməsini həyata keçirən “ROTOBO” Ticarət Assosiasiyasının rəhbəri Takaşi Nişiokanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan və Yaponiya iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdır.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, həyata keçirilən irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də AZPROMO-nun iş adamlarına göstərdiyi dəstək barədə məlumat vermişdir.
“ROTOBO”-nun rəhbəri Takaşi Nişioka ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır.
Tədbirdə həmçinin, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə dair təqdimat keçirilmiş, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.