AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Serbiya işgüzar görüşü keçirilmişdir

Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin ölkəmizə səfəri çərçivəsində aprelin 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycan iş adamları iştirak etmişdir.
Qonaqları salamlayan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanla Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarınln qarşılıqlı səfərlərinin əhəmiyyətli rol oynadığını qeyd etmişdir. Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə keçirilən biznes forum və dəyirmi masalar əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. Hazırda Azərbaycan şirkətləri Serbiyada, Serbiya kapitallı şirkətlər isə ölkəmizdə uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir. Azərbaycanın "Azvirt" şirkəti Serbiyada yol tikintisi ilə məşğul olur. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir.
Nazir Şahin Mustafayev hər iki tərəfin iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır. Təsadüfi deyildir ki, Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç Azərbaycana səfər proqramına iş adamları ilə görüşü də daxil etmişdir.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizdə makroiqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunduğunu, son 10 ildə ÜDM-in 3 dəfə artdığını, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını bildirmişdir.
Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç Azərbaycan və Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamış, ölkəsinin iqtisadiyyatı və iş adamları üçün yaradılmış imkanlar barədə məlumat vermişdir. Serbiya və Azərbaycan arasında ticarət-iqtisadi və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışan baş nazir Azərbaycanın "AzVirt" şirkətinin Serbiyada uğurla fəaliyyət göstərdiyini qeyd etmiş, digər Azərbaycan şirkətlərini də tikinti, kənd təsərrüfatı, kimya və s. sahələrdə həyata keçirilən layihələrdə, Serbiyada aparılan özəlləşdirmə prosesində fəal iştiraka dəvət etmişdir. Bundan başqa, ticarət dövriyyəsinin artırılması üçün də geniş potensial var. Baş nazir qeyd etmişdir ki, ilin sonuna qədər Bakı-Belqrad aviareysi açıla bilər, bu isə turizm sahəsində əlaqələrin inkişafında əhəmiyyətlidir.
İşgüzar görüşdə Azərbaycan və Serbiya arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılmışdır.