Özbəkistan Respublikasının Ali Məclisinin Senatının sədri Tənzilə Narbayevanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumu keçirilib.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova ölkəmizin Özbəkistanla əlaqələrinə önəm verdiyini, əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, tərəfdaşlığın genişləndiriıməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Özbəkistan Ali Məclisinin Senatının sədri Tənzilə Narbayeva iki dost ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, tədbirin iqtisadi münasibətlərin inkişafında faydalı olacağını qeyd edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib, təmsil etdiyi qurumun biznes dairələr arasında əlaqələrin qurulması və genişləndirilməsi sahəsində gördüyü işlərdən bəhs edib.
Tədbir çərçivəsində Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiya ilə Özbəkistanın Qadınların cəmiyyətdə rolu, gender bərabərliyi və ailə məsələləri üzrə komissiyası yanında "Qadınlar Klubu" arasında ikitərəfli münasibətlərin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Biznes forum hər iki ölkənin qadın sahibkarları arasında ikitərəfli görüşlərlə davam edib.