AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Buxarestdə Rumıniya-Azərbaycan biznes forumu keçirilib

Rumıniya və Azərbaycanın investisiya mühiti, reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar dinlənilib.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Buxarest Ticarət və Sənaye Palatasının (CCIB) birgə təşkilatçılığı ilə Buxarestdə Rumıniya-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

 

Biznes forumda çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev Rumıniyanın Azərbaycanın qeyri-neft ixracı üzrə əsas ticarət tərəfdaşlarından biri olduğunu və ölkəyə ixrac həcmlərinin dinamikasında əhəmiyyətli artım müşahidə edildiyini bildirib. AZPROMO rəhbəri həmçinin ölkəmizin investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanlar haqqında məlumat verib.

 

Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, ССIB-nin prezidenti Yuliu Stokloza, Rumıniya İnvestisiya və Xarici Ticarət Agentliyinin prezidenti Rares Burlaku, eləcə də Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə dair çıxış ediblər.

 

Biznes forumda Rumıniya və Azərbaycanın investisiya mühiti, ölkələrdə reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar, eləcə də Qarabağda aparılan bərpa işləri ilə bağlı videoçarx nümayiş olunub. Tədbir B2B görüşlərlə davam edib.